Asiya qitəsində yerləşən Azərbaycan Respublikası dünyanın ən füsunkar
guşələrindən biridir. Üç tərəfdən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları,
bir tərəfdən isə dünyanın ən böyük gölü olan Xəzər dənizi ilə əhatə olunan
Azərbaycan hələ qədim dövrlərdən Odlar Yurdu adlanmışdır. Təbiət bu diyardan öz
səxavətini əsirgəməmişdir. Yer kürəsinin on bir iqlim tipindən doqquzu
Azərbaycanda vardır. Elə ona görədir ki, respublikanın florası və faunası öz
rəngarəngliyi ilə seçilir. Onun meşə, dağ və düzənliklərində 97 növ məməli
heyvan, 346 növ quş, sularında 95 növ balıq məskən salır. Xəzər dənizində nərə
balıqlarının ən qiymətli növləri yaşayır. Azərbaycanda nəsli tükənməkdə olan,
adları Qırmızı kitaba salınmış nadir heyvan və bitki növləri çoxdur.
Hazırda ərazisi 86,6 min kv km olan Azərbaycan bəşər mədəniyyətinin ilkin
beşiklərindən biri olmuşdur. Qədim insanların bu ərazidə hələ 1,5 -2 milyon il
bundan əvvəl məskən salması alimlər tərəfindən sübut olunmuşdur. Azərbaycanın
mağara düşərgələrində aparılan arxeoloci qazıntılar qədim daş dövrü insanlarının
təşəkkülü və inkişafı, qədim ibtidai icmalar haqqında mə`lumat verməyə imkan
vermişdir. Respublikanın paytaxtı olan Bakı şəhərindən təqribən 55km cənubda
Qobustan qaya təsvirləri də bu diyarın qədim tarixindən söhbət açır. Sücet
müxtəlifliyinə görə həmin təsvirlər eramızdan əvvəl 8-ci minillikdən eramızın
XIX əsrinədək bir dövrü əhatə edir.
İlk dəfə e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü
hövzəsində mərkəzləşmiş Manna dövləti meydana gəlmişdir. E.ə. VI əsrin əvvəlində
qədim Azərbaycan dövləti Manna süquta uğramışdır. Bundan sonra Azərbaycan
ərazisində Atropatena, Albaniya kimi dövlətlər mövcud olmuşdur.
Azərbaycan tarixində Şirvanşahlar, Qaraqoyunlu və Ağqounlu dövlətləri dövrü
xüsusi yer tutur. Səfəvilər dövləti Azərbaycan tarixinin parlaq səhifəsini
təşkil etmişdir. Məhz Səfəvilər dövründə Azərbaycanın birləşdirilməsi, onun
ərazisində vahid Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə getmişdir.
XVIII əsrin ikinci yarısında Azərbaycanda feodal pərakəndiliyi hökm sürmüş və
ölkə müxtəlif xanlıqlara parçalanmışdır.
İran - Rusiya müharibələri nəticəsində 1813-cü il Gülüstan və 1828-ci il
Türkmənçay sülh müqavilələrinin bağlanması ilə Azərbaycan iki yerə
parçalanmışdır: cənubi Azərbaycan İrana, şimali Azərbaycan isə Rusiyaya
qatılmışdır.
1918-ci il may ayının 28-də Azərbaycan müstəqillik qazanmış və Azərbaycan
Demokratik Respublikası yaranmışdır. Lakin 1920-ci ildə sovet Rusiyası
qoşunlarının ölkəyə soxulması ilə bu müstəqilliyə son qoyulmuş, Azərbaycanda
sovet hakimiyyəti e`lan edilmişdir. 70 il Azərbaycan SSRİ-nin tərkibində,
kommunist reciminin əsarəti altında qalmışdır. Bu dövrdə ölkənin öz bayrağı,
himni və gerbi olsa da, Azərbaycanın dövlət müstəqilliyi olmamışdır. 18 oktyabr
1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"
Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası öz itirilmiş
müstəqilliyini bərpa etmişdir. Konstitusiyaya əsasən Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Respublikada dövlət dili Azərbaycan dilidir.
Azərbaycan Respublikası Zaqafqaziyanın cənub-şərqində yerləşir və Rusiya,
Gürcüstan, Ermənistan və İranın tərkibində qalmış Cənubi Azərbaycanla
həmsərhəddir. Qazaxıstan və Türkmənistanla sərhəd Xəzər dənizindən keçir.
Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan respublikası tərəfindən işğal
edilmiş və təcavüzkar dövlətin silahlı qüvvələrinin nəzarəti altındadır.
Ermənistan ərazisində yaşayan azərbaycanlıların deportasiyası və Ermənistanın
işğalçılıq müharibəsi nəticəsində ölkədə bir milyondan artıq qaçqın və məcburi
köçkün vardır.
Azərbaycan qədim və müasir neft ölkəsidir. Bu diyarda hələ X əsrdə neft hasilatı
xüsusi yer tutmuşdur. Qədim İpək yolunun üzərində yerləşən ölkədən şərqə və
qərbə neft və başqa məhsullar daşınmışdır. XIX əsrin sonlarında Nobel qardaşları
Bakıda neft kompaniyası yaratmışlar. Neft hasilatı hesabına Azərbaycanda sənaye
sürətlə inkişaf etməyə başlamışdır. 1913-cü ildə Bakıda 7,7 mln ton, 1966-cı
ildə isə 21,5 mln ton neft istehsal olunmuşdur. Xəzər dənizinin Azərbaycan
sektorunda zəngin neft yataqları tapılmışdır. Bu yataqların birgə istismarı ilə
bağlı dünyanın müxtəlif ölkələrindən olan məşhur neft kompaniyaları ilə böyük
müqavilə imzalanmışdır. Əsrin müqaviləsi Azərbaycanda sənayenin və
iqtisadiyyatın inkişafında xüsusi rol oynamaqdadır.
Azərbaycan qədim mədəniyyət ölkəsidir. Bu diyar bir çox mütəfəkkirlərin,
alimlərin, şairlərin, me`marların, musiqiçilərin vətənidir. Atəşpərəstliyin
yaradıcısı Zərdüştün bu torpaqda doğulması ehtimal olunur. Azərbaycan
bəşəriyyətə Nizami Gəncəvi, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi kimi
dahilər bəxş etmişdir. Şərqdə ilk opera Azərbaycanda yaradılmışdır.
Azərbaycan öz xalçaları ilə bütün dünyada məşhurdur. Xalça ustalarının
yaratdıqları nadir sənət inciləri dünyanın böyük muzeylərində, şəxsi
kolleksiyalarda özünə yer tapmışdır. Odlar Yurdu özünün idman ənənələri ilə də
seçilir. Azərbaycan övladları hələ qədimdən güləşməkdə, at çapmaqda, ox atıb
qılınc oynatmaqda mahir olmuşlar. Milli güləş, çovqan, sürpapaq kimi milli idman
növlərində bu diyarda çox-çox əvvəllər idman yarışları keçirilmişdir. Keçmiş
idman ənənəsi bu gün də davam etdirilir. Azərbaycan idmançıları beynəlxalq
miqyasda keçirilən idman yarışlarında, Olimpiya Oyunlarında uğurla çıxış
edirlər.
Bakı Azərbaycanın paytaxtıdır
Xəzər dənizinin qərb sahilində yerləşən Bakı qədim və müasir şəhərdir. Bura
gözəl tarixi abidələri, müxtəlif memarlıq üslublarında tikilmiş binaları, yaşıl
parkları, qala divarları arasında salınmış qədim İçərişəhəri, bənzərsiz
dənizkənarı bulvarı ilə hamını heyran edir. Şəhərin mərkəzi hissəsi Bakı
buxtasına açılan amfiteatr şəklindədir. Onun dəniz sahili okean səviyəsindən 28
m-ə qədər aşağıda yerləşir. İqlimi quru subtropikdir. Orta aylıq temperaturu
yanvarda 3-4*S, iyulda 25-26*S -dir. İllik yağıntının miqdarı 300 mm-ə qədərdir.
Bakı üçün güclü şimal küləyi - xəzri və cənub küləyi gilavar səciyyəvidir. İlin
əksər günləri Bakıda külək əsir. Ona görə də bura "küləklər şəhəri" də deyirlər.
Əhalisi 2 milyon nəfərdən çox olan Bakıda müxtəlif xalqların və millətlərin
nümayəndələri yaşayırlar.
Bakı öz tarixinə görə qədim şəhərlərdən biridir. Onun ərazisində eramızdan əvvəl
3-1-ci minilliklərə aid arxeoloci materiallar tapılmışdır. Onun ərazisində
yerdən çıxan təbii qazın alışmasından əmələ gələn od sütunları bir vaxtlar
gecə-gündüz yanaraq ətrafa işıq saçmışdır. İnsanlar bu odları müqəddəs saymış
ona sitayiş etmişlər. Təsadüfi deyil ki, Bakı atəşpərəstliyin mərkəzlərindən
olmuş, burada çoxlu mə`bədlər və atəşgahlar salınmışdır. Dünyanın çox yerindən
atəşpərəstlər bu diyara ziyarətə gəlmişlər. Müqəddəs odların sirri isə şəhərin
ərazisində torpağın altındakı və dənizin dibindəki zəngin neft və qaz
yataqlarındadır. Neft və qaz Bakıya şan-şöhrət gətirmişdir. Bunun sayəsində Bakı
hələ orta əsrlərdə Yaxın və Orta Şərqin iri şəhərlərindən birinə çevrilmişdir.
Səyyahların mə`lumatlarına əsasən hələ X əsrdə Bakıda neft hasilatı böyük gəlir
gətirmiş, bura liman şəhəri kimi tanınmışdır. XII əsrdə Bakı ikicərgəli qala
divarları və xəndəklə əhatə olunmuş möhkəm müdafiə edilən şəhər olmuşdur.
1901-ci ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu verirdi. Bu
isə, şəhərin həm saneyə, həm də başqa cəhətdən sürətlə inkişaf etməsinə zəmin
yaratmışdır. XIX əsrin sonlarından başlayaraq Bakıda qədim me`marlıq abidələri -
Xəzər dənizinin sahilində tikilmiş "Qız qalası", məscidlər, karvansaralar,
əzəmətli qala divarları, "Şirvanşahlar kompleksi" (XV əsr) ilə yanaşı, yeni
müxtəlif üslublarda tikilmiş yeni binalar ucaldılmışdır. Bütün bunlara görə
şəhər şərq və qərb me`marlıq üslublarını özündə birləşdirir, həm qədim, həm də
müasir mədəniyyət mərkəzi təsiri bağışlayır. Qədim tarixi abidələr şəhərin qala
divarları ilə əhatələnmiş, "İçərişəhər" adlanan hissəsində yerləşmişdir. Buraya
çox vaxt "köhnə Bakı" da deyirlər. Bakı bu gün Azərbaycanın təhsil, elm,
mədəniyyət və idman mərkəzidir.