Başlanğıc sehife et  Favorit linklere elave et  info@azadmekan.tk

Ana səhifə

Rəsulzadə Məmməd Əmin

STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ

Elektron nəşr
(UTF-8 sistemi)
Mətn ADİLOĞLU nəşriyyatında
(tel: 498-68-25) yığılıb, 2004

Hazırladı: Rafiq Məmmədli
mammadli@mail.com
ã http://www.isagambar.az/

Kitabın kağız nəşrinin
Redaktoru:
akademik Ziya Bünyadov
Çapa hazırlayanı: Nəsib Nəsibzadə
Bakı, Elm nəşriyyatı, 1991, 84 səh., ISBN 5-8066-0472-6


İçindəkilər

Ön söz

M. Əmin Rəsulzadə kimdir?

Çarlığa qarşı mücadilə yarım yüz il öncə

Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı

Moskva yolunda

Moskvada iki il

Moskvadan fərar

Nəticə

Kitabça Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Buraya böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.
Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

ÖN SÖZ

Keçmişini bilməyən bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi. Lakin elə həmin nəslin özünü-özgəni, böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən, sonsuzdur. Bu istəyə cavab olaraq əlinizdə tutduğunuz kitabçanı çapa hazırlamağı lazım bildik.

Böyük vətəndaş Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri Türkiyədə Dünya qəzetinin 1954-cü il may-iyun nömrələrində 28 məqalədə çap edilmişdir. M. Əmin Rəsulzadə kimdir? adlı bioqrafik yazı da bu məqalələrə əlavə edilmişdir.

M.Ə.Rəsulzadənin xatirələrinin tam adı orijinalda Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri adlanır. Bu əsər bir qayda olaraq Stalinlə ixtilal xatirələri kimi məşhur olduğundan biz də onu məhz bu adla təqdim etməyi münasib gördük.

Onu da deməliyik ki, bu məqalələrin foto surətini dostu doktor Əli Yavuz bəy Ağpınar göndərmişdir.

Xatirələrdə Stalinin və stalinizmin anatomiyasının açılması ilə yanaşı, əsrimizin ilk onillərində Azərbaycanda gedən çox maraqlı proseslər təsvir edilir. Onu çapa hazırlayarkən hər hansı izahat verməkdən çəkindik. Bizim işimiz Məmməd Əmin Rəsulzadənin üslubunu mümkün qədər saxlamaqla, geniş oxucu üçün rahat olsun deyə İstambul ləhcəsinə xas sözlər və ifadələrin (məs.: nasıl, kəndi, şöylə, böylə), artıq arxaikləşmiş ərəb-fars tərkiblərinin qarşılığını verməkdən, eləcə də yenə İstambul ləhcəsi üçün xarakterik olan fel sonluqlarını (məs.: gəliyorum, gediyorum) dəyişdirməkdən ibarət olmuşdur.

Məmməd Əminin üslubuna xələl gəlməsin deyə ara-sıra vacib qarşılıqlı sözləri mötərizədə verməyi lazım bildik.

XX əsr Azərbaycanının ən dəyərli şəxsiyyətinin çox maraqlı siyasi xatirələri ilə istəkli oxucuların görüşünü ləngitməmək üçün yalnız onu deməklə kifayətlənək ki, orijinaldakı cümlələrin quruluşu olduğu kimi saxlanılmışdır.

M. ƏMİN RƏSULZADƏ KİMDİR?

Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrini oxuyacağınız Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan Müsavat Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan partiya qurultaylarında yekdilliklə seçilmişdir.

28 may 1918-ci ildə cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli Şurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.

Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə yenə Bakıda məşhur Açıq söz qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci illər arasında Tehranda İran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik İrani-nou qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax: E.Brown. Nisfory literary of Persia. London). İstambulda çıxan çeşidli türk qəzet və jurnallarında (o cümlədən Türk yurdu) çalışmış və 1923-cü ildən 1929-cu ilə qədər İstambulda nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir.

Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində (1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918-ci ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.

***

1884-cü ildə Bakıda doğulmuş Məmməd Əmin Rəsulzadə hələ gənc ikən siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur. 1908-1910-cu illərdə İrandakı məşrutə hərəkatına qoşulmuş, burada İran Demokrat Partiyasının Mərkəzi Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını həmin partiyanın lideri Seyid Həsən Tağızadə (İran senatının sədri) ilə birlikdə işləmişdir.

1910-cu ildə İranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və təzyiqi ilə oranı tərklə İstambula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri, o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və 1911-ci ildə Müsavat Partiyasının təsisini təşviq etmişdir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata başlamış, həm də gizli Müsavat Partiyası çalışmalarına və yarım gizli bir neçə təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.

1915-ci ildə I dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.

1917-ci ildə Milli Azərbaycan Müsavat Xalq Partiyası birləşmiş qurultayı ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini qəbul etdirmişdir.

Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını tələb etmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.

1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.

***

Cümhuriyyətin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel 1920) M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi üzərindən qaçaraq Avropaya çıxır, oradan İstambula gəlir və burada nəşriyyat və siyasi fəaliyyətini davam etdirir.

Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin Şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları nəticəsində İstambulu tərkə məcbur qalınca o, öz çalışmalarını Avropaya köçürür. Burada Promotey cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi) və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri Birliyində çalışır. Rusiya məzlum millətlərinin müştərək orqanı olub Parisdə fransızca intişar edən Promotey jurnalında müntəzəm məqalələr dərc etdirir (1928-1939).

İkinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan müharibəsi əsnasında Almaniya Xarici İşlər nümayəndəsi fon Şulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqqlarını tanımaq istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust 1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır.

1944-cü ildə bolşeviklər Buxarestə yaxınlaşınca hadisələr onu Qərbə çəkilməyə məcbur edir. İsveçrəyə getmək üçün viza almaq imkanında olmadığından İsveçrə sərhəddinə yaxın Freyburq 1/B şəhərinə gəlir. 1944-cü ilin oktyabr ayında bu şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi Almaniyaya sığınmağa məcbur olur. 24 aprel 1945-ci ildə Amerika işğal məntəqəsində olur. Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında Azərbaycan şairi Nizami adına kapital bir əsəri çap edilmişdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair müxtəlif məqalə və risalələri nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası lehindəki inadlı mübarizəsini davam etdirir.

Dünya, 21 may 1954-cü il

STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü - deyə başlayır.

Həqiqətən də bəşəriyyətin yaşadığı bütün dünya tarixində İosif Vissarionoviç Cuqaşvili - Stalindən daha mütləq bir hökmdar yoxdur. Mühüm dərəcədə onun şəxsi fəaliyyətilə yaradılmış Sovet rejimindən daha totalitar bir rejim dünyada mövcud olmamışdır.

Dövrümüzün tarixini yazanlar tarixin bu ən böyük müstəbidi haqqında cürbəcür hökmlər verəcək, onun allahlaşdırılan şəxsiyyətini müxtəlif mövqelərdən təhlil edəcəklər. Fəqət biz onu bir küll olaraq ələ almaq niyyətində deyilik. Ən qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə yaxın bir müddətdə Sovet imperatorluğundakı iki yüz milyon insanın müqəddəratına hökm edən, yer kürəsinin üçdə birini kontrolu altına almış, bütün dinləri inkar edən kommunist dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir diktator və necə bir terrorist, bir ixtilalçı (inqilabçı), bir marşal, bir generalissimus, fironlara, Neronlara, Çingizlərə rəhmət oxutduran bir tiran, bir qızıl çar olduğunu azad millətlər cəmiyyətində bilməyən bir kimsə yoxdur. Bilinənləri təkrar etmək istəmirik.

1905 və 1917-ci illərdə Rusiya şərtləri daxilində ortaya çıxan sosialist cərəyanlarına mənsub ixtilalçılar arasında adi bir şəxsiyyət olub, çox da əhəmiyyət verilməyən Stalinin mumiyalanmış cəsədi indi Marksdan sonra kommunizmin ikinci peyğəmbəri Leninin mumiyalanmış cəsədi yanında yatır.

Leninizm marksizmin bir təfsiri olaraq meydana gəlmişdi; stalinizm hər ikisini təkmil etmiş bir sistemdir. Hitlerin nasional-sosializm formulunu çevirib sosial-nasionalizm halına qoyan stalinizmi yaxşıca qavraya bilmək üçün Stalinin fantastik şəxsiyyətini haqqıyla anlamaq lazımdır. Bunu yapa bilmək üçün tarixçilərin Stalin haqqında yazılan xatirələri, nəql olunan təəssüratları və anladılan müşahidələri material olaraq gözdən keçirmələri lazım gələcəkdir.

Stalinizmin meydana gəlməsinin xarakterik cizgilərini əslinə yaxın bir şəkildə təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və anladığı Stalinlərin qarşılaşdırılmasında, şübhəsiz, böyük bir fayda vardır.

Eyni dövrdə, eyni şərtlər daxilində, eyni nəslə mənsub olaraq yaşayan, dürlü zamanlarda, dürlü şərtlər altında Stalinlə bu və ya başqa şəkildə təmasa gəlmiş bulunan bir adam sifətilə xatirələrimin ona aid olan qismini nəşrə qərar verdim. Çarlıq rejiminə qarşı mücadilə Sovet istilası və əsarəti, Moskva yolunda, Moskvada iki il və Moskvadan qaçış fəsillərini ehtiva edən bu xatirələr çağdaş tarixçilərin işinə yarayarsa, sərf edilən əmək boşa getməmiş olar qənaətindəyəm.

Bu xatirələri Stalin həyatda ikən edilən bəzi təkliflərə rəğmən nəşr etmək istəməmişdim; çünki obyektiv olaraq nəql olunacaq hadisələrin bir qismi, bir baxımdan, qərəzli izaha yer qoya bilərdi. İndi isə bu ehtimal meydandan qalxmış, Stalin artıq tarixə qarışmışdır.

ÇARLIĞA QARŞI MÜCADİLƏ YARIM 100 İL ÖNCƏ

Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiya imperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr əsnasında bütün milli müəssisələrimizi dağıtmaq politikasını güdən çarlıq məqsədinə pək də nail olmamışdı. Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman unutmamış xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir münəvvər nəsil yetişmişdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə bildiyi vasitələrlə xidmət etmək istəyirdi.

1903-cü ildə Uzaq Şərqdə tarixi bir hadisə baş göstərdi. Avropa mədəniyyətinə uyğunlaşmış Yaponiya Susima açıqlarında qoca rus imperatorluğunun ta Baltik dənizindən qalxaraq gələn hərb gəmisini bir həmlədə suyun dibinə batırdı; arxasından Port-Arturun fəthi və bir-birini qovalayan yapon zəfərləri gəldi.

Bütün dünyanı, xüsusilə Yaxın Şərq ilə şəxsən Rusiyanı həyəcana verən bu hadisə çarlığın əsrlər görmüş binasını sarsıtdı. Rusiya daxilindəki hürriyyət və ixtilal ünsürləri hərəkətə gəldilər: bunlar çar rejimindən məmnun olmayan xalq kütlələrini inqilablaşdırmaq üçün əllərindən gələni əsirəmədilər. Bu məqsədlə hər tərəfdə hürriyyət və demokratik fikirlərini yayan təşkilatlar quruldu.

Çarlığa qarşı mücadilə (mübarizə) edən siyasi zümrə və siniflər çarlığı təşkil edən millətlər, zümrələr və siniflər qədər hər cür rəng və ahəng daşıyan bir çox partiyalara ayrılmışdılar. Fəqət bütün müxalifət və ixtilal partiyası və qruplarını müştərək bir bölünmə xətti ilə iki cəbhəyə ayırmaq qabildi. Bunlardan bir qismi Rusiyada parlamentli bir idarə təsisi ilə kifayətlənir, mütləq çarlıq (çarizm) rejimi yerinə məşruti (konstitusiyalı) bir krallıq qurmaq istəyirdi. Bunlar liberal-burjua partiyaları idi. Radikal-demokratlarla sosialistlər ikinci qismi təşkil edirdilər. Bunlar çarlığın devrilməsini, yerində demokratik bir cümhuriyyət rejiminin qurulmasını tələb edirdilər. Eyni zamanda siyasi bir inqilabla kifayətlənməyən bu qrupa daxil olan sosialist partiyaları Avropa kapitalizmindən fərqli sosial bir reform proqramının tətbiqini də vacib görürdülər.

Sosialist partiyaları idealist-xalqçı ideologiyasında sosialist-devrimçilərlə (qısaca eser), tarixi materializm ideologiyası daşıyan sosial-demokrat (qısaca esde) zümrələrinə ayrılırdılar.

Bolşevik-menşevik mücadiləsi

Sosial-demokratlar məşhur London konqresində (1903) ikiyə parçalanmış; bir qolu Leninin liderliyində bolşevik, digər qolu da Martovun liderliyində menşevik fraksiyalarını təşkil edirdilər.

O sıralarda Qafqaz çarlıq idarə sistemi daxilində bir visruvalıq (vitse-krallıq, canişinlik) şəklində idarə olunurdu. Əksəriyyətlə çar xanədanına mənsub bir prins tərəfindən idarə olunan Qafqazın idarə və intellektual mərkəzini təşkil edən Tiflisdə menşeviklər, petrol ocaqları (neft mədənləri) ilə olduqca çiçəklənmiş bir sənaye mərkəzi olan Bakıda mədən və liman işçiləri arasında isə bolşeviklər yuva qurmuşdular. Sosial-demokrat partiyası Tiflis ilə Bakıda adətən bir qərargah qurmuş, bu iki düşmən fraksiyası ixtilal hərəkatı üzərində müəssir olmaq üçün Qafqazın xalq kütlələrini qazanmağa çalışırdılar.

Məlum olduğu üzrə bu iki fraksiyanı bir-birinə toqquşduran ana mövzu məşhur taktika məsələsi idi. Menşeviklər rejimə qarşı siyasi yolla mübarizə edərək çarlığı devirmək, yerinə cümhuriyyət idarəsi qoymağa tərəfdar olub, sosializm prinsiplərinin sosial quruluşda müəssir olmasını tələb etdikləri halda, mövcud kapitalizm şərtləri içində sosial bünövrənin cəbr və inqilab yolu ilə deyil, tədrici evolyusiya üsulları ilə gəlişdirilməsini (inkişafını) tövsiyə edirdilər; bu məqsədlə onlar burjua sinfinin çarlıq rejimi əleyhində olan liberal və radikal zümrələri ilə siyasi koalisiya yapmağı lüzumlu görürdülər. Bir inqilab partiyası olaraq konspirasiya və gizli fəaliyyətdə olmasına baxmayaraq, bu fraksiya üzvləri şərtlər əlverişli olunca qanuni imkanlardan da istifadə etməyi lüzumlu bulurdular: bu məqsədlə onlar işçi (fəhlə) sindikalarına soxularaq bunları işçi sinfinin həqiqi mənfəətlərini müdafiəyə ilk sırada önəm verməyə təşviq edirdilər. Bir ixtilal partiyası olaraq bulunduğu konspirasiya şərtləri daxilində belə menşeviklər demokratik üsullara sədaqəti zəruri görür, təşkilata daxil komitələrin aşağıdan yuxarıya gələn demokratik bir seçim ierarxiyasına qəti bir önəm verirdilər.

Halbuki bolşeviklər buna tamamilə zidd olan bir taktika yeridirdilər; bir kərə bunlar burjua partiyaları ilə hər cür koalisiyanın əleyhində idilər; siyasi bir sistem olaraq, çarlıq rejimi ilə birlikdə onlar iqtisadi bir sistem olaraq kapitalizmi də devirmək əzmində idilər. İşçi sindikalarına, işçilərin ekonomik mənfəətlərini müdafiədən ziyada bunları rejimə qarşı daima müxalif və mücadilə edən bir ixtilal orqanı kimi baxırdılar. Partiyanın öz içindəki təşkilat sisteminə gəlincə, aşağıdan yuxarıya gedən bir demokratik sistemi deyil, yuxarıdan aşağıya gələn bir ixtilal sistemini müdafiə edirdilər. İnqilabçı azlıq hakimiyyəti və mərkəziyyət bolşevik partiyasının dəyişməz şüarı idi.

O zamankı şərtlər daxilində Bakı

Azərbaycan cümhuriyyətinin paytaxtını təşkil edən Bakı o zamankı şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik yapan bir şəhər idi.

Milli Azərbaycan hərəkatının hər dürlü siyasi, sosial, iqtisadi və kültürəl (mədəni) hərəkatları üzərində müəssir olan mərkəzi müəssisələr əksəriyyətlə burada bulunurdu. Bakı sənayesində, petrol ocaqlarında çalışan işçilərin böyük bir qismi ilə orta məktəblərdə təhsil edən gəncliyin mühüm qismini Azərbaycan türkləri təşkil edirdilər. Bu səbəblə burada fəaliyyətdə bulunan ümumi ixtilal və müxalifət cərəyanlarının yanında müstəqilən hərəkatda bulunan yerli və milli qruplarla təşkilatlar da vardı. O cümlədən tərəfimdən təşkil olunmuş, üzvləri müxlif rus liselərində və digər orta məktəblərdə oxuyan Azərbaycan türk tələbələrindən ibarət gizli bir dərnək vardı. Bu dərnək mənsublarının milli hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə ilərlətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış ixtilal şerlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmış bəyannamələr dağıtmaq, işçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu. Dərnəyin mətbəə üsulu ilə intişar edən bir də Hümmət adını daşıyan bir dərgisi (jurnalı) vardı.

Cəmiyyət və xüsusilə gənclik içindəki hər cür qaynaşma və birləşmələri öz nüfuzları altına almaq üçün rəqabət edən bolşeviklərlə menşeviklərin fürsət qaçırmayan propaqandistləri, təbii, bizim dərnəyə də soxulur, hər necə olsa da bizləri öz hesablarına qazanmaq istəyirdilər. Bolşevik fraksiyası Tiflisə nisbətən Bakıda daha qüvvətli idi.

Gərək bəhs etdiyim bu dərnəyimizə soxulan propaqandistlərdən, gərəksə başqa şərtlər daxilində qarşılaşdığım çarlıq əleyhdarı bəzi şəxslərdən Bakıda bolşevik fraksiyasını idarə edən Koba adında enerjili birisinin olduğunu eşitmişdim.

Stalinlə ilk təmas

Bakı Petrol Sənayesi İşçiləri Sindikası adını daşıyan bir təşkilat vardı; işçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluş pərdəsi altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində gizli olaraq çalışan milli təşkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobanın bizimlə görüşmək istədiyini xəbər verdi.*

Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllində bir fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və sosial məsələlərə keçdi.

Şübhəsiz, müsahibə o günlərin ən aktual bir məsələsi üzərinə gələcəkdi. O zamankı sosialistlər, ümumiyyətlə marksistlər, bolşeviklərdə xüsusən işçi sinfini və xüsusilə proletariatı idealizə etmək bir moda idi. Koba proletariat sinfinin digər siniflərə nisbətlə tarixən üstün bir sinif olması üzərində durdu, dünyadakı ədalətsizliklərin əsil səbəbi mülkiyyət əsasına dayanan kapitalist sistemindədir, dedi. Dünyanı həqiqətən məsum görmək istəyən həqiqi hürriyyət və ədalət tərəfdarları ona görə bu sistemi kökündən yıxmalıdırlar. Millətləri və çalışan xalqları zülm və istibdadı altında tutan çarlıq bu sistemə əsaslanmışdır. Çarlığın kökünü tamamilə kəsmək üçün bu mülkiyyət sistemi yıxılmalıdır. Belə dərin bir inqilaba ancaq mülkiyyətlə bağlı olmayan proletariat sinfi hazır olar. Çünki o heç bir şeyə malik deyildir, onun malı ancaq iki əli ilə bir başıdır. İnqilab mövzusunda yalnız proletariatın səmimiyyətinə inanmaq mümkündür. Marksistlərin məşhur seçilmiş sinif nəzəriyyəsinə uydurulan bu formulu Stalin bir də praktikada rastladığı bariz bir misalla təsvir etdi. Mən, dedi, bir qrup işçilərlə konspirasiya şəraitində arada-sırada tapışır, təşkilat və təbliğat işlərilə məşğul olurdum.

--------------------------
*
Məlum olduğu üzrə Koba İosif Vissarionoviç Cuqaşvilinin ilk istifadə etdiyi uydurma addır. Qafqazda ikən bu adı götürmüşdü; Stalin adını isə sonra, Rusiya daxilində çalışmağa başlarkən qəbul etmişdi. Yenə məlum olduğu üzrə Koba bir güclü romanından alınmış çarlığa qarşı mücadilə edən bir çete qəhrəmanının adıdır.

Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaşlara şübhələndiyimi söylədim, bu adam mənim heç xoşuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra bir neçə dəfə qarşılaşsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım, nə oldu bu yoldaş, dedim, niyə gəlmir, deyə soruşdum. İşçilər:

- Koba yoldaş, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal təmizliyə verdik!.. dedilər.

İlk tanış olduğu bizlərə proletariat sədaqəti haqqında anlatdığı bu əhvalatdan çıxarılacaq nəticə aydındır.

Kobanın Vışınskiyə bir təbliği

Kobanı çox seyrək olaraq arada-sırada görürdüm. Dürlü konspirasiya şərtləri daxilində nadir təsadüflər bizi qarşılaşdırırdı.

1905-ci ildən sonra çarlıq mexanizmasında baş verən sarsıntı və zəifləmək üzündən bəzi yerlərdə bir sıra ixtilal yüksəlişi zühur edirdi. Bakı bu yüksəliş yerlərindən biri idi. Burada müxtəlif vasitələrlə baş verən ümumi tətilllər, siyasi nümayişlər və ümumi əfkarı çalxalandıran bir sıra soyğunçuluq, siyasi qətl kimi hadisələrin havası içində müxtəlif ixtilal təşkilatlarının yarı gizli fəaliyyətləri formalaşmaqda idi. Tez-tez toplantılar, konqreslər və konfranslar olurdu.

Günün birində Bakı civarında petrol təsfiyəxanalarının (neftayırma zavodlarının) bulunduğu Qaraşəhər deyilən bir məhəldə idik. Gecənin gec saatlarında bir dülgər atelyesində çarlıq əleyhdarı müxtəlif inqilab təşkilatlarına mənsub delegelərdən ibarət bir konfransda idik. Günün taktikasına aid olan müştərək məsələlər müzakirə edilməkdə idi. Müzakirələr yuxarıda qeyd etdiyim bolşevik-menşevik görüşü üzərinə cərəyan edirdi. Bolşevik görüşünü Koba, yəni Stalin, menşevik görüşünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan Andrey Vışinski müdafiə edirdi.

O zaman azərbaycanca intişar edən çarlıq əleyhdarı milli müxalifət orqanı Təkamül qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus olmayan bir çoxları kibi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və qramer xətası da yapmamış deyildim. Müzakirədə iştirak ilə təmsil etdiyim milli müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran bolşevik görüşünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o zamankı menşevik Vışinski yapdığım yanlışlıqlara eyhamla:

- Yoldaş, ədəbi deyil!.. - deyə üslubuma taxıldı (sataşdı). Koba isə dərhal:
- Haydı, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim daha ədəbi danışır?.. - deyə ona qarşı çıxdı.

Türkiyədə Gənc Türklər inqilabı

1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baş vermişdi. Hürriyyətsevən dərnəklərdə, xüsusən Qafqaz türk və müsəlmanlarının fikir və siyasi hərəkat mərkəzi olan Bakıda bu hadisə günün mövzusu idi. Bir təsadüflə Kobaya rast gəldim.

- Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə yazsanız, dedi.

Bizim dərgidən məqsədi yuxarıda bir münasibətlə qeyd etdiyim Sənaye İşçiləri Sindikasının orqanı Qudok (Düdük) idi. Məqaləni yazdım. Qudok redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox müəssisələr kimi iki üzü vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə almış imtiyaz sahibi və məsul müdiri işçilərdən Saşa Samartsev adında birisi idi. Bunun arxasında dərginin bir də gizli bir redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev adında partiyalı bir münəvvər daxildi. Heyət bir çəkməçi dükanının pərdə ilə ayrılan arxa tərəfində toplanırdı. Türkiyədəki məşrutiyyət inqilabı haqqında yazdığım məqaləni burada, bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik. Məqaləni oxuduq. Timofeyev onu şiddətlə tənqid etdi:

- Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq. Rəsulzadənin məqaləsində isə Türkiyə burjua inqilabı öyülür. Özümüzdə xoş görmədiyimiz bir şeyi nə deyə Türkiyədə xoş görüb, idealizə etməliyik? - dedi: məqalənin rəddini istədi.

Koba müdaxilə etdi:

- Yoldaş yanılır, məsələni çox bəsitləşdirirsən, - dedi. - Rusiya şəraiti ilə Türkiyə şəraiti bir-birindən ayrıdır; bizdə bir reaksiyon deyə hesab olunan hadisə Türkiyədə bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsi çox yerindədir, orada yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır.

Nəhayət, məqalə basıldı.

Bizim 200 rublə

Yuxarıda izah etdiyim hərci-mərc illərində Rusiyada və Qafqaziyanın hər tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz cəmiyyətlər fəaliyyət halında idilər. Ümumi xeyir işləri və maarif yapan cəmiyyətlərlə bərabər gizli fəaliyyətlərdə bulunan siyasi-ideoloji təşkilatlardan başqa hökumət idarəsindəki zəiflikdən istifadə edən bir çox soyğunçu dəstələri də fəaliyyətdə idilər. Müxtəlif ideyalar namına möhtəkirlik yapan bu quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar. Bakının məşhur milyonerlərindən Musa Nağı bir aralıq tutulmuş, verdiyi böyük miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuşmuşdu. Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri arasında bolşevik partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin başında isə Erivan meydanının qəhrəmanı (bu hadisə məşhurdur) şəxsən Kobanın bulunduğu sonradan öyrənilmişdi.

Sonraları, İstambulda eşitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili olduğundan burada zikr edim:

Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının qoçu deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı. Bu zat 1927-28-ci illərdə emiqrant ikən İstambulda bir çoxlarına Bakıya aid xatirələri arasında şayani-diqqət bir hekayə danışmışdı:

Bolşevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub 50000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i çağırır və ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını tələb edir. H.M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba (yəni Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-i süzən Koba ona ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə:

- H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər bu zülmün altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də bunun içindədir.

Bundan sonra H.M. bəyin müqaviməti qırılır və həmən arkadaşlarına dönərək:

- Biz pas, deyir.

Mahiyyətinə qısaca təmas etdiyim bu dövrdə mən Bakıda maarif yayan Nicat cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət yapan bir cəmiyyət idi. Onun pərdəsi altında siyasi fəaliyyətdə bulunan gizli bir qrup gizlənirdi. Bu qrup çarlığa qarşı konspirasiya yapan bütün ixtilal partiyası və qrupları ilə təmas halında idi.

Günün birində bolşevik partiyası maliyyə komisyonuna mənsub üzvlərdən bir neçəsi mənə müraciət etdi:

- Müştərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı verir, biz də şəhərdə və cəmiyyət içində nüfuzu olan məşhur xanım və bəylərdən, tanınmış aktyor və aktrisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisinin başarılı olmasını təmin edərik, dedi.

Nəticədə: Necə olur-olsun, gəliri aramızda bölüşdürərik təklifində bulundu.

O dövrdə bu kimi kombinasiyalar adi işlərdəndi. Bunun heyrət ediləcək bir tərəfi yoxdu. İdarədəki yoldaşlarla görüşdüm. Hamısı çarlıq əleyhdarı adamlar olduğundan təklifi iyi qarşıladılar. Hərəkətə keçildi. Bağ gəzintisi başlandı. Bakının məşhur vali bağçasında tərtib olunan bu bağ gəzintisi üç gün davam edəcəkdi. Gəzintinin ilk günü başarılı oldu. Yaxşı gəlir əldə edildi. Bu temp ilə davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi hər dürlü şübhənin xaricində idi. İkinci gün də gəzinti eyni temp ilə davam etdi.

Bu arada şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov mənə müraciət edir: Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl burnu deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin başarılı olduğu və yaxşı hasilat verəcəyi şübhəsizdir. Bizim hissəmizə düşəcək gəlir hesabına yoldaş Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə gəzintinin müdiri sifətilə 200 rubləlik bir avans versəniz minnətdar olarıq, deyir; işin təcili olmasını da Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə göndərmək zərurəti ilə izah edir. Hər ehtimala qarşı bəklədiyimiz nəticə aldığımız avansı qapamayacaq olsa, hissəmizə düşən açığı dərhal ödəməyi təəhhüd edirik, deyə təminat verməyi də ihmal etmir. Məsələni yoldaşlara deyirəm: istənilən avansı verməkdə bir maneə görülmür.

Bağ gəzintisinin üçüncü günü kassadakı pulun hamısını, lotareya üçün zərgərlik mağazalarından borc edilmiş gümüş əşya qalıqlarını və sairəni toplayaraq gəzintinin baş qadın müdiri madam Baykova, maliyyə komisyonu üzvü və Nicat cəmiyyəti idarə heyəti üzvlərindən bir yoldaşla birlikdə nəticəni bir hesabat halında təsbit etmək üzrə madamın evinə doğru hərəkət edirik. Qubernator iqamətgahının yanında bulunan şəhər bağçasından aralanmış, elə yan küçələrindən birinə dönmüşdük ki, əli silahlı banditlər arabalarımıza hücum edir, kassa pulu ilə gümüş əşyanı alır, üstəlik madamın bilərzikləri ilə sırğalarını da çəkib qeyb olurlar.

Təxmin edəcəyiniz bir həyəcan və təəssür içində madamın evinə gəlirik; normal protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir.

Bağ gəzintisi gözlənilmədən bir fiasko ilə nəticələnmişdi. Bizim şəriklər indi zərərləri qapamaq deyil, aldıqları 200 rubləlik avansı belə qaytarmaq niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar.

İşin arxası var: Soyğunçuların bizzat bolşeviklər partiyasına mənsub terroristlər olduğu qüvvətlə söylənilir.

Lenin iş başına gəlincə çarlığın millətlərarası bütün borclarını ləğv etmiş ikən, 1903-cü ildə Rusiya Sosial-Demokrat Partiyasının konqresini finansə etmək üçün yapılan borcu dərhal ödəmiş, İnqilab öz borcunu ödəyər! deyə lovğalanmışdı.

Ya bizim 200 rublə...

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN BOLŞEVİKLƏR TƏRƏFİNDƏN İŞĞALI

1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi.

Təntənəli şəkildə ifadə olunmuş bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmış, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmişdi.

Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiş, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmışdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləşdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı mühafizə edilirdisə, işdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn Çrezvıçayka cəza makinəsi (maşını) durmadan çalışır (işləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmırdı.

Bakıda "Osobı Otdel" həbsxanasında

Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə gizlənmişdik.

Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf edilmiş, yaxalanaraq Bakıya geri gətirilmiş və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin fövqəladə işlər şöbəsi olan Osobı otdelə təslim edilmişdik.

Osobı otdeldə bizi həbsxana halına gətirilən əski, böyük bir binanın bir otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca binanın təsəvvür edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt qatda günəş görməyən qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq və ümumiyyətlə mebel namına heç bir şey yoxdu. Üstümüzə üzərimizdəki yay paltosunu çəkə bilsək də altımıza döşəyəcək bir şeyimiz yox idi.

İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaş Abbasqulu da çarlıq dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu. Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunamazmı, deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq.

Bir-iki gün iki yoldaş mətbəxin yeganə sakinləri idik, iki gün sonra mətbəx ailəsi yeni gətirilən bir-iki müsafirlə də bollaşdı. Bunlardan şəhərdə olub-bitənlərdən bir dərəcə məlumatlandıq. Paytaxta gətirildiyimizin əhali üzərindəki ilk əks-təsirinə vaqif olduq. Bunlar bir tərəfdən üzücü, bir tərəfdən də sevindirici idi. Cəlladlığı ilə hər tərəfə qorxu təlqin edən Pankratov kimi birisinin müdir bulunduğu Osobı otdel həbsxanasındakı müqəddəratımız hər kəsi əndişədə buraxır və mümkün olacaq hər cür fənalıqları önləmək üçün hər kəs əlindən gələn təsiri-icradan geri qalmırmış.

Mətbəxdə bulunduğumuz üçüncü və dördüncü günü idi. İlk dəfə olaraq xarici aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdən Bakıya qədər ötürən birisi vardı. İsmini Zərgər deyə qeyd edəcəyim bu adam əskidən Bakının baş caddələrindən birində zərgər mağazası tutardı. İndi bolşeviklərin özəl (xüsusi) işlərinə xidmət edən bir vəzifədədir. Ümumi əfkar onu bolşevik casusu deyə tanıyır. İndi bu casus bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən bir rekomendasiya almaqdır. Şəhərdə hər kəs onu bizə qarşı pis rəftar etməklə ittiham edirmiş. Halbuki bizimlə nə qədər yaxşı rəftar etdiyinə şəxsən biz şahidik. Həm də buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı muştuluqlamaq üçün gəlibmiş. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün mən ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o bunu onu tənqid edənlərə göstərsin, onun bizə pislik deyil, yaxşılıq yapmış olduğunu isbat etsin. Onu təskin etdim: Söylənənlərə əhəmiyyət vermə - dedim. - Madamki bir neçə gündən sonra hürriyyətə qovuşacağıq, o zaman bir ziyafət verər, orada sizin bizə nə qədər yaxşılıq etdiyinizi deyərik, məsələ bitər. Beləcə əcaib bir şəkildə istənilən etibarnaməni rədd etdik.

Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmişdi. Yeməklər bir qəzet kağızına bükülmüşdü. Bu kağız bir neçə gün əvvəl intişar edən türkcə Kommunist qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti nə cür bir ciddi-cəhdlə oxuyacağını, şübhəsiz, təxmin edərsiniz. Qəzetə dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik.

Bu xəbər mətbəxə gələn yeni müsafirlərin anlatdıqlarını təsdiq mahiyyətində idi. Əski Zərgərin əldə etmək istədiyi hüsni-hal vəsiqəsi də bununla bağlı olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə İran məşrutə hərəkatında mənimlə bərabər çalışdığım Heydər xan Əmioğlunun da böyük bir əlaqəsi olmuşdur.

Heydər xan İranın ən yaxın tarixində mühüm rol oynamış qafqazlılardan biridir. O, İran məşrutəçiləri arasında Heydər xan Bombi (Bombaçı Heydər xan) deyə məşhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli şahın baş naziri məşhur irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi; bunun kimi Təbrizdə yenə məşrutiyyət mücadilələri əsnasında şah tərəfdarı, məşhur irticaçı Şücaüddövləni poçt ilə göndərdiyi bir cəhənnəm makinası ilə partladan da odur. Bir terrorist və bir inqilabçı olaraq onun mücahidlər üzərində dərin bir nüfuz və təsiri vardı. O zaman İran inqilab hərəkatlarında şah tərəfdarı əski rejimlərə qarşı mücadilədə yerli tərəqqipərvər və məşrutiyyətçilərə yardım üçün gələn qafqazlı ünsürlərlə yaxından əlaqəsi olan bu Heydər xan indi Bakıda olur və başındakı bir qrup mücahidlərlə İran hərəkatlarına iştirakla əlaqədar bəzi kombinasiyalar düşünürmüş. Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca, İrandakı məşrutiyyət hərəkatı zamanı yaranmış dostluq naminə həmən hərəkətə keçmiş, başda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu şəxslərinə baş vuraraq, Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır! demişdi.

Anormal mətbəx həyatı yavaş-yavaş özünəməxsus bir forma alır. Saatlar saatı, günlər günü qovalayır. Gələn yeni müsafirlərdən duyulan cürbəcür söyləntilərdən gündəlik həvadislər alır, müqəddəratımızı gözləyirik. Bütün bunları və mətbəximizdə öz formasını alan hər şeyi burada təfsir etmək niyyətində deyiləm. Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaşıq suyu andıran şorbalar və sairə üzərində də durmaq istəmirəm. Mövzum ümumi xatirat yazmaq deyildir. Təfərrüata yalnız ələ aldığım əsil mövzu ünsürlərini bir-birinə bağlamaq surətilə təmas edirəm.

Həbsxanada Stalinlə başbaşa

Mətbəxin yeni müsafirlərindən şəhərdə olub-bitənlər haqqında məlumat alırdıq. Bunlar şəhərdə Padvalyon adında gizli bir cəmiyyətin kəşf edildiyindən bəhs edirdilər. Padval rusca bir sözdür, zirzəmi deməkdir. Qızıl Ordu tərəfindən yeni işğal olunan Bakıda, burada qalan türkiyəli əski mühacir zabitlərindən bir qismi ilə limanda olan matroslar arasında guya ki bir anlaşma olmuş, bunlar yerlilərdən bir qismi ilə sözləşərək, hökumətə qarşı qiyam hazırlayırmışlar.

Təşkilat üzvlərinin görüş yeri şəhərin əski Nikolay, sonra Parlament, indi də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləşən bir dükan imiş. Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn padvalyon deyirmişlər. Padvalyonçuların nə üçün həbs edildikləri haqqındakı yarı ciddi, yarı zarafat hekayələrini böyük əlaqə ilə dinləyirdik ki, qapı açıldı. Gözətçi içəri girdi. Mənə xitab edərək, yoldaş Rəsulzadə (məhbuslara da yoldaş deyə xitab olunurdu), arxamca gəlin, dedi.

Saat 17 idi, axşamın bu gec saatlarında kameradan bu şəkildə götürülənlər, adətən gedər, bir daha dönməzdilər. Bu, xərclənməyə götürülən bir saatdır.

Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaş Abbasqulunun rəngi qaçdı, məlul və məhzun gözlərilə mənə baxdı. Zorla zəbt olunan bir həyəcanla qucaqlaşdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırammış kimi ayrıldım. O, titrək bir səslə xeyir-dua verir, mən də ona əhəmiyyət vermə, qorxma deyə təsəlli verirdim.

Mən öndə, gözətçi də arxada gedirik. Qaranlıq koridorlardan keçdik (neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa yandırılmaz). Bu yolun çox da yabançısı deyildim. Bir dəfə yenə bu koridorla Pankratovun hüzuruna aparılmışdım. Burada bir heyət məni istintaq etmişdi. Hiss etdim ki, yenə Pankratovun yanına aparılıram.

Gəldik. Elə buradır. İki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında uca boylu Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır.

Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq:

- Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi.
- Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, - dedim.

Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı Stalin deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir Koba vardı. Stalin həmən Pankratova müraciətlə, bizi buraxın, dedi.

Pankratov çıxdıqdan sonra mənə:

- Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq, - dedi.
- Dünya belədir, hər şey ola bilər, - dedim.
- Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi.

Mən bir ləhzə gözünün içinə baxdım.

- Müsavat partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını düşünəcək qədər sadə deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.

Stalin mövzunu əlüstü dəyişdirdi.

- Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə məhbus olduğunuzu öyrəndim. Sizinlə görüşəcəyimi yalnız dr. Nərimana söylədim, - dedikdən sonra sözünə davam etdi. - Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) Sizdən qorxurlar, bir qismi Müsavat rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva görmürəm. Siz əski mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək - ki bunu mən Sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər - istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. Düşünün, danışın, bəlkə də bizimlə əməkdaşlıq yaratdınız!..

Stalinin Rusiyadan bəhs açan rəsmi müqəddimədən əski mücadilə dostluğundan bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni şəkildə cavab vermək lazım idi.

- Bu qədər hadisə olub-bitdikdən sonra əməkdaşlıq müzakirə mövzusu ola bilməz, yoldaş Koba, - dedim.
- Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik, - dedi.

Bu cümlə ilə nəyə işarə edildiyi izah edilməzsə, ən yaxın Azərbaycan tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxşı anlamazlar. Bunun üçün bir az təfsilat verim:

Şaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz fövqəladə komissarlığına təyin olunmuş kommunist bir erməni idi. Hələ bolşeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama eyni zamanda Şərqi Anadoluda hənuz rus orduları işğalı altında olan vilayətlərdə Böyük Ermənistan təşəkkülü məqsədilə bir referendum təşkil etmək vəzifəsi də bir dekretlə bu Şaumyanın öhdəsinə buraxılmışdı. 1905-ci ildən bəri tanıdığım Şaumyan 1918-ci ilin başlarında Bakıda mənimlə görüşərək öz missiyasından bəhs etmiş və Müsavat firqəsinə əməkdaşlıq təklifində bulunmuşdu. Bizdən hüsni-qəbul görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin şiddətli bir müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmişdi.

Stalin indi bu hadisəyə işarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolşevik istiqamətini sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi.

Stalinə dedim:

- Məsələ Şaumyanın şəxsiyyətində deyildir, yalnız 1918-ci ildə deyil, siz buraya indi də gəlməməli idiniz!

Stalin diqqətlə üzümə baxdı. Lisaniylə deyil, halı ilə nə üçün deyə soruşurdu:

- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə soruşurdu.
- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə davam etdim.

Fikrimi bir misalla izah edərək əlavə etdim:

- Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar, bu necə olar? - deyə soruşdum:
- Bizdən daha yaxşı tətbiqat yaparlar, - deyə Stalin gülümsədi.
- Fəqət rus xalqı da daha yaxşı idarəni necə qəbul edər?.. Təxmin edə bilməzsinizmi? - cavabını verdim.

Stalin mənalı bir baxışla üzümə baxdı...Bu baxışda rus xalqının ruhiyyatını mən daha yaxşı bilirəm, deyən ifadə vardı. Stalin bir ləhzə düşündükdən sonra mövzunu dəyişdirdi.

- Yaxşı, - dedi, - olan olub, keçən keçib. İndi nə düşünürsünüz, ondan danışaq.
- Sizin, - dedim, - burada Pankratovun bu masası başında bir heyət məni istintaq edirdi. İstintağı idarə edən müstəntiq, fəhlədən yetişmə bir gənc idi. Məndən soruşurdu.
- Dağlarda dolaşırdınız, orada yaxalandığınız zaman nə düşünürdünüz? - deyə məndən cavab gözləyirdi. Ona:
- Hadisələri müşahidə ilə məşğul idim, - cavabını verdim. Qane olmadı. Məni daha çox danışdırmaq istəyirdi, dedi ki:
- Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın hadisələr qarşısında passiv bir müşahidə durumunda qaldığına inana bilərəmmi? Biz sizin həbsxananızda ikən düşünür, özümüzə görə bəzi planlar qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir şey düşünmür, sadəcə müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız? - deyə müstəntiq üzümə baxdı, ona:
- Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiş olar, - cavabını verdim.

Onunla bütün səmimiyyətlə, əlbəttə ki, danışa bilməzdim; çünki məni yaxşı tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir şey deyə düşünər, səmimi qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda ilə danışan Kobaya müstəntiqin anlamadığı ədalətin əsil səbəbini izah edə bilərəm.

Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər müqavimət göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə bizim qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə yardım üçün Azərbaycandan keçid istəmək şüarı altında məmləkətə soxulursunuz, bu məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı aldadırsınız. Yaranmış bu şərtlər daxilində biz iki od arasında qalan bir adam vəziyyətində idik. Bu vəziyyətdə bizə əlverişli vaxt gəlincəyə qədər gözləmək lazım gəlirdi. Müstəntiqinizin anlamadığı şey bir ətalət deyil, bir intizar idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.

Stalin:

- Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarşı nə edərdiniz? - deyə soruşdu.
- Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq, - dedim.
- Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazımdır, - dedi; mən:
- Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox, - dedim.

Stalin güldü:

- Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?! - dedi.

Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim Hürriyyətə gətirdi. Bakıda qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona dedim ki:

- Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində salim bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.
- Yaxşı, - deyə razılaşdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruşması münasibətilə anlatmış olduğumdan, içəri girən Pankratova:
- Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin, - deyə əmr etdi.

Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus dostlarım sevinc içində idilər. Abbasqulu arkadaşımın isə şadlığı intəhasız idi.

Belə ha, demək bu gediş xərclənmə gedişi deyilmiş!..

Xüsusi otaq

İki-üç saat sonra gözətçi təkrar gəldi. Əşyanızı yığın, yoldaş Pankratov Sizi münasib bir otağa köçürmək haqqında əmr verdi, - deyir.

Mətbəxdəki dostlarıma təkrar bir hüzn və əndişə gəlir. Bu hiylə olmasın deyə düşündükləri üzlərinin ifadəsindən, gözlərinin baxışından bəllidir. Mən dostlarımdan çox da ayrılmaq istəmirəm, amma rədd etmək də yaxşı düşməz. Baxaq görək sonrası necə olur... Dostlarımla vidalaşır, gedirəm; gözətçi əşyalarımı arxasına alıb, dalımca gəlir.

Məni Pankratovun özünün yaşadığı mənzilin yanında qapısı müştərək balkona çıxan xüsusi bir otağa gətirirlər. Çılçırpaq olan bu otağın mətbəxdən fərqi yerinin taxta olması və bir də çarpayı yerini tutan taxtadan bəsit bir çarpayının olmasıdır.

Payızın sonları olduğundan otaqda isitmə sistemi olmadığından insanın iliklərinə işləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə keçən taxta parçalarını, qəzet və sair kimi kağızları yandırır, bir az da olsa isinirdik. Əlavə olaraq orada maddi istilikdən başqa mənəvi bir hərarət də var idi; bir icma halında yaşayır, dərdləşirdik.

Gecəni bu soyuq tənhalıqda keçirərək sabah erkəndən bir fürsətlə balkonun kənarına gəldim və oradan özümün salamat olduğumu göstərdim. Sevinclərini uzaqdan bildirdilər. Abbasqulu hava öpüşləri göndərirdi.

Bir gün belə tənhalıqda keçdi. Ertəsi gün məni rəfiqəmlə görüşdürdülər. Evdəki və şəhərdəki vəziyyəti ondan öyrəndim. Ona da vəziyyəti söylədim və Stalinlə olan söhbətin xülasəsini bildirərək, dostların nə düşündüklərini və nə tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim.

Beləliklə, dostlarla aramızda bir əlaqə yaranmış oldu. Bu vasitə ilə şəhərdə olub-keçənlər haqqında əməlli-başlı məlumat ala bildim. Bizim tutularaq şəhərə gətirilməmizin ümumi bir həyəcan doğurduğunu, rəsmi hökumət xəbərinin bu həyəcanı sakitləşdirmək məqsədilə belə bir diplomatik əda ilə yazılmış olmasının səbəblərini öyrəndim. Dostum Heydər xan Əmioğlunun mənim xatirimə etdiyi cəsuranə demarşın təfsilatını xəbər aldım. Dostlar Moskvaya getməyimi daha münasib bilirlər. Çünki burada qalmaq təhlükəli imiş, hər cür sürprizlərə hər zaman məruz qala bilərəmmiş.

Vəziyyətimizin aydınlaşmasını istəyirəm

Bir-iki gün də keçdi. Stalinin bizə vəd etdiyi azadlıqdan bir əsər-əlamət yoxdur... Əndişəm artır. Vəziyyəti aydınlaşdırmaq üçün ağlıma bir tədbir gəlir. Pankratovla görüşürəm; ona:

- İşim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir partiyanın əlindədir. Yoldaş Stalinə çatdırın: vəd etdiyi azadlıq mənə həqiqətən rəva görülübsə, bu nə zaman gerçəkləşəcək? Bu bir; sonra mənim işimlə əlaqədar Məhəmməd Əli ilə Abbasqulu da tutulmuşlar. Bunların da mənimlə bərabər azad olunmasını rica edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi?

Mənim işim təbirini xüsusi vurğu ilə dedim. Çünki dostum Abbasqulu ilə bərabər həbs edildiyimi bilirsiniz; Məhəmməd Əli də son dəfə bizimlə əlaqə saxladığı üçün həbs edilmişdir. Bundan başqa ta çarlığa qarşı mübarizə illərindən bəri sıx əlaqələrlə bir-birimizə sıx bağlı idik. Məhəmməd Əli də Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daşıyan yoldaşlarım olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuşdu. 1911-ci ildə Bakıda Müsavat firqəsinin təşəkkülündə bu iki dost mərhum Nağı oğullarından Nağı ilə birlikdə gizli təşkilatın ilk üçlüyünü təşkil etmişdilər.

Pankratov xahişimi Stalinə çatdıracağını deyir, ayrılmaq üzrə ikən mümkün edə bilərsə, məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiş edirəm:

- Mənə ayırdığınız otaq, şübhəsiz, daha təmiz, havalı və müstəqildir, təşəkkür edirəm; fəqət orada yoldaşlarımla birlikdə bir yerdə idim, məni təkrar yoldaşlarımın yanına qovuşdurmaq lütfünü əsirgəməyin, - dedim.
- Yaxşı, - dedi, ayrıldıq.

Təkrar mətbəxdəyəm. Məhbus yoldaşlarımla bir neçə günlük ayrılıq həsrətini ortadan qaldırır, duyduqlarımız (eşitdiyimiz) yeni hadisələri bölüşdürür, dərdləşirdik.

Yoldaş Stalin inciyib

Gözətçi Pankratovun məni təkrar çağırdığını xəbər verir, gedirəm. Osobı otdel şefi ciddi əda ilə:

- Yoldaş Stalin Sizdən inciyib, - deyir.

Diqqət kəsilirəm. Üzümdəki sualı sezən Pankratov davam edərək Stalinin:

- Yoldaş Rəsulzadənin etimadsızlığını haradan qazandıq. Mənim vədimə niyə şübhə edir?! - sözlərini çatdırdıqdan sonra cavab gözləmədən Stalinin adından bunları deyir:
- Mən bir neçə gün də buradayam. Siz (yəni mən) mənimlə bərabər Moskvaya gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar. İstəsəniz ailənizi də özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst olacaq, həm mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz burada qalmalı olsa, o da Azərbaycan Sovet Hökumətinin himayəsində olacaq. Yoldaşlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər.

Nəticəni evə və onların vasitəsi ilə yoldaşlara çatdırdım. Yolçuluğa hazırlaşır, hərəkət gününü gözləyirik.

Tam yerinə yetirilməyən vədlər

Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına çevrildi. Məhəmməd Əlini saxladığı başqa bir həbsxanadan Osobı otdelə köçürdülər, mənimlə birlikdə azad etdilər. Fəqət Abbasquludan xəbər yoxdur. Ona icazə verməmişlər.

Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt doğulmuş iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan uşaq ağlayır. Onun və digər ailə üzvlərinin və bu anda evə toplaşan yaxın qohumların üzüntüləri və xeyir-duası içində vidalaşaraq, qapıda gözləyən maşına minir, vağzal yoluna çıxırıq.

Dükan-bazarı bağlı, dərin bir hüznə dalan Bakının səssiz, həzin küçələrindən keçirik. Vağzala gəldik. Moskva qatarı gözləyir. Stalinin gedəcəyi salon-vaqona mindirildik, başda Stalin olmaqla böyük sovet xadimlərindən Serqo Orconikidze, Budu Midivani (Ankarada milli Gürcüstan hökumətinin elçisi olan Semyon Midivaninin doğma qardaşı) və başqaları burada idi. Stalin bizi qarşılayır.

- Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər göndərmək istəmədilər, nədənsə onun əleyhinə böyük hiddət var, - deyir.

Bir az sonra doktor Nəriman Nərimanov gəlir, bizimlə salamlaşır və dərhal:

- Abbasqulu hanı? - deyə soruşdu. Abbasquluya icazə vermədilər deyirik.

O, tam bir heyrət içində:

- Hm..., biz onun da getməsini demişdik... - deyir.
- Siz ola bilsin ki, demişdiniz, amma olan oldu, icazə vermədilər...

MOSKVA YOLUNDA

Bir az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də həzin və mütəəssir baxışları arasında qatar hərəkət edir.

Moskva yolundayıq. Normal şərtlər daxilində beşinci gün Moskvada olmalı qatar indi ən azı on beş gün yol gedəcək.

Dərbənd divarları nə üçün çəkilmişdir

İlk stansiya olan Dərbənddə bir-iki gün qalmaq lazım gəlir. Stalin məiyyətilə bərabər Temirxanşuraya (indi Buynaksk) gedəcək, orada Dağıstan sovet muxtariyyətinin təşkili mərasimində iştirak edəcək. Onu müşayiət edənlər arasında o zaman Moskvada intişar edən Vostok (Şərq) jurnalının məşhur müdir və mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daşıyan inqilabçı bir emiqrant) da var. Bu imza ilə Bakinski raboçi qəzetində çıxan bir məqalədə tarixi Dərbənd divarlarına aid bir yazı dərc edilmişdi. Hələ Sasanilər zamanında çəkilmiş, sonra da ərəblər zamanında təmir olunmuş bu divarlar, Mixayloviçin məqaləsinə görə, cənubdan gələn təcavüzlərə qarşı yaradılmış bir sədd olaraq təqdim edilirdi. Uzaqdan görünən Dərbənd divarlarına baxmaqla bu məqalənin həqiqətə uyğun olmadığını anladım. Stalin dərhal gözlərilə aradı və bir az o tərəfdə başqaları ilə söhbət etməkdə olan Mixayloviçi çağırdı:

- Qulaq as, - dedi. - Sən özünü tarixçi hesab edirsən, bax Rəsulzadə nə deyir. Dərbənd divarları cənuba deyil, şimala qarşı yaradılmış bir sədd imiş...

Salon vaqonda kimlər vardı

Stalinin salon-vaqonuna bağlanmış dəftərxana vaqonunda bizə bir kupe ayrılmışdı. Bu vaqonda bizdən başqa vaxtilə Polşanın kiçicik qəsəbələrinin birində silah zavodunda dəzgahdar işləmiş, indi Stalinin dəftərxana müdiri olan Berzanovski də var idi. Yəhudi əslindən olan bu Berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə bərabər dəftərxana katibliyi vəzifəsini daşıyırdı. Yanında əvvəlki ərindən 8 yaşlarında bir qızı da var idi.

Bizim kupenin yanındakı kupeni də əvvəllər Peterburqda (sonra Leninqrad) pinəçilik edən vaqon bələdçisi, simpatik Davidov işğal etməkdə idi.

Dəftərxana vaqonu bizim üçün eyni zamanda vaqon-restoran idi. Yeməyimizi Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik.

Uzun sürən yolçuluğumuzun yeksənək olduğunu söyləsək həqiqətə çox da uyğun olmaz. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək tualetimizin zəruri işlərindən idi. Bununla belə dəftərxana süfrəsində aylarla çəkdiyimiz sıxıntının əvəzini çıxır, Azərbaycanın qara kürüsünü qırmızı vaqonda öz halal malımız kimi yeyirdik.

Stalinin xatirələri

Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi ara-bir öz salon-vaqonuna çağırırdı. Bəzən də dəftərxana vaqonuna gələrək oradakılarla ordan-burdan danışırdı.

Bəzən madam Berzanovskinin qızı ilə söhbət edər, zarafatyanı sən Dədə Vilsonun 14 maddəsini bilirsənmi? - deyə lətifə danışar, bəzən də öz sərgüzəşt və macəralarına aid xatirələr söylərdi. Şimalda sürgündə olduğu eskimoslar arasında balıq ovu ilə dolandığı və bu işdə istifadə etdiyi üsul sayəsində yerlilərdən daha müvəffəqiyyətli olması səbəbindən onların nəzərində az qala kəramət sahibi bir övliya kimi göründüyündən və odur ki, şəxsiyyətinin sitayiş edildiyindən açıq bir zövqlə bəhs edirdi. Stalin eskimosların gözündə hər şey imiş; xəstələnəndə onun yanına gəlirlərmiş; o da verdiyi bəzi sadə həb və tozlarla yüngül xəstəliklərin qarşısını alırmış. Bir gün eskimos dilbərlərindən birisi müalicə üçün onun yanına gəlibmiş; müayinə əsnasında cinsi bəzi vəziyyətlər alıbmış. Stalin əhəmiyyət verməyib. Halbuki bu dilbər, zəkası ilə eskimoslar arasında məşhur olan bir qəhrəmandan hamilə qalmaq istəyirmiş...

Eskimoslar arasında görünən bu cinsi toleransa müqabil, sözü Qafqaz millətlərindəki erotik əhlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda təzəcə verdiyi edam əmrini bizə danışır. Kommunist Partiyasının inqilab sahəsində xidmətləri olmuş, sınanmış üzvlərindən biri komissar vəzifəsindən sui-istifadə edərək, dağlı bir qızın namusuna toxunubmuş; Stalin onun ən böyük cəza ilə cəzalandırılmasını əmr edib. Partiya və sovet xadimləri bu yoldaşın dəyər və xidmətlərini nəzərə alaraq Stalinin yanında onun üçün zəmanət vermiş, fəqət o, qətiyyən olmaz, elə indi xalqın gözü qarşısında edam ediləcək demişdir; çünki müsəlman xalqı bu xüsusda göz yummağı qətiyyən bağışlamaz! Dağlardakı adətlərə, buradakı namus anlayışına hörmət hökumətə etibar baxımından əsasdır.

İrana tətbiq olunan siyasət

Yol boyu söhbətlərdə, təbii ki, hər cür mövzulara toxunulur və əsasən Qafqazda cərəyan edən hadisələrlə bağlı olaraq bir qrup tanınmış şəxslərin oynadıqları rollardan və xarakterlərindən bəhs açılırdı. Qafqazdakı şərait və o zamankı hadisələrdən xəbəri olanlar üçün maraqlı olması şübhə doğurmadığına baxmayaraq, dünya əfkari-ümumisini çox o qədər də ilgiləndirməyən bu təfərrüatdan sərf-nəzər edərək, yol boyu edilən söhbətlərdə toxunulan mövzuların yalnız ən mühümlərini burada qeyd edəcəyəm.

Stalin bir gün İrana qarşı tətbiq edilən siyasət məsələlərinə toxundu.

- Mən Bakıya gələndə, - dedi, - baxdım ki, bizimkilər İrana hücum planları hazırlayırlar. Dərhal mane oldum (o zaman Azərbaycanın sovetləşdirilməsindən sonra yerli bolşeviklər İranın Gilan vilayətinə hücum edərək İran hökuməti ilə ixtilafa düşmüşdülər).

Nə üçün mane olduğunu belə izah etdi:

- İranı sovetləşdirməyə başlamaq yanlış bir hərəkətdir. Orada nəinki cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir işdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə girişmək macəraçılıqdan başqa bir şey deyildir, - dedi.
- Yaxşı, İran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq etmirsiniz, demirəm; çünki bilirəm burada Bakı kimi bir sənaye mərkəzi və proletariat hərəkatı vardır, deyəcəksiniz. Bəs Türküstan? Ona nə deyirsiniz; oradakı şərait İrandakı şəraitə bənzəmirmi? Niyə İran taktikasını oraya tətbiq etməyəsiniz?

Stalin bir az düşündü:

- Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmış ziyalılar var, - dedi.
- Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? - deyə etiraz etdim. Mübahisəni dərinləşdirmədi.

Rus-alman əməkdaşlığı

O zamankı vətəndaş müharibəsi və inqilabi hadisələrin cürbəcür səhnə və məsələlərinə təmas edən Stalin xarakterik bəzi hekayələr danışır və cümlələr işlədirdi.

Dünya inqilabı tezisi söhbətlərin ana mövzusu idi. O, dünya inqilabının baş tutması üçün rus-alman əməkdaşlığına fövqəladə əhəmiyyət verirdi. Bu baxımdan Ropolloda bağlanmış müqaviləni öyürdü. Bu müqaviləyə görə rus inqilabi imkanları ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması lazım idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın texniki istedad və qabiliyyəti bir araya gəlincə dünya inqilabının müvəffəqiyyətinin qarşısını ala biləcək bir qüvvə tapılmaz; Lenin indi tətbiq etmək istədiyi beşillik planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac olduğu yeyinti məhsulları ilə təmin edəcək bir hala gətirmək əzmindədir, - deyirdi.

İngilislərə qarşı nifrət

Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və yarımmüstəmləkə halında olan bütün millətlərin azadlıq və qurtuluşlarına əngəl olan dünyada bir qüvvə varsa, o da İngiltərə imperializm qüvvəsidir, - deyirdi.

Söhbət buraya gəlincə Stalinin səsi sərtləşdi və intiqam qığılcımı saçan parlaq gözləri ilə uzağa baxaraq:

- Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu bükülü əlini havaya qaldıraraq, bunları şəxsən öz əlimlə öldürmüşəm. İndi polkovnik Stoks deyilən bir əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm, - deyir.

Stalinin hiddət və nifrətlə andığı bu əclafı şəxsən tanıyıram. Onunla 1911-ci ildə Tehranda tanış olmuşdum. O zaman orada İrani-nou qəzetinin baş redaktoru idim. Avropa üsulunda İranda ilk dəfə olaraq təsis olunan bu gündəlik demokratik qəzet getdikcə artan rus nüfuzunun intriqaları ilə bağlanırdı. O günlərdə Amerikadan İranın maliyyəsini islah məqsədi ilə gələn məşhur Morqan Şusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc edilməsinə görə Rusiya səfarəti məni İrandan xaricə atdırmaq üçün təşəbbüs etmişdi. Dünya mətbuatı bizim müqəddəratımızla yaxından maraqlanırdı. O cümlədən Parisdə çıxan Siyeql qəzetinin Tehrana gəlmiş xüsusi redaktoru İrani-nou qəzeti ilə mənə həsr edilmiş böyük bir reportaj dərc etmişdi. O zamankı İran xarici işlər naziri yaxın dostum mərhum Hüseyn xan Nəvvab mənim şərəfimə verdiyi axşam yeməyinə indi İran senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə kimi şəxslərlə birlikdə Telmis qəzetinin müxbiri ilə ingilis səfirliyinin hərb